Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Bəhreynin “14 Fevral İnqilabı Gənclər Koalisiyası”nın siyasi şurası bildirib ki, hazırda ölkədə baş verənlər “müstəbid hakim Həməd” tərəfindən yerli vətəndaşlara, xüsusilə də şiə məzhəbinin davamçılarına qarşı aparılan etnik və dini təmizləmə müharibəsidir.
Şura öz bəyanatında vurğulayıb ki, Bəhreyndə həyata keçirilən bu təmizləmə siyasəti regionda davam edən geniş soyqırım müharibəsinin bir hissəsidir. Qəzza və Livandan tutmuş İran İslam Respublikasına qarşı yönəlmiş oxşar təhdidlərə qədər bu proses eyni layihənin davamı hesab olunur.
Bəyanatda qeyd olunub ki, sionistlər və amerikalılar tərəfindən idarə olunan soyqırımı layihəsi xalqların kimliyini və varlığını məhv etmək, yerli əhalini kökündən çıxarmaq və onların yerinə təslimçilik və zəiflik mədəniyyətini bərpa etmək məqsədi daşıyır ki, təkəbbürlü və işğalçı güclərin hegemonluğu üçün şərait yaradılsın.
Bəyanatda həmçinin bildirilib ki, Bəhreyn bu dağıdıcı layihənin alovlanan meydanlarından biridir. Çünki Bəhreyn xalqı hər zaman müqavimət göstərən xalqların ön sıralarında olub və onun övladları “Netanyahu və Tramp” kimi cinayətkarların layihələrinə qarşı dayanmağa davam edirlər. Onların səsləri və normallaşmaya qarşı mübarizələri, ABŞ hərbi bazalarının ölkədən çıxarılması və müstəbid hakimiyyətin devrilməsi tələbləri susdurulmayacaq.
Koalisiya milli kimliyin və alimlərin müdafiəsində xalqın nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirərək vurğulayıb ki, dini mərasimlərin və əzadarlıq məclislərinin davam etdirilməsi göstərir ki, ağır təzyiqlər, alim və liderlərin həbs olunması, eləcə də xalqın varlığına qarşı təhdidlər bu milləti heç vaxt təslimçiliyə və alçaldıcı diktələrə boyun əyməyə məcbur etməyəcək.
Şura sonda qeyd edib ki, bu müqavimət ölümə meyl deyil, şərəfli həyat, tam hüquqlu varlıq və xarici hegemonluqdan, həmçinin daxili köləlikdən uzaq azad bir yaşam əldə etmək qərarıdır.
Koalisiya bildirib ki, “müstəbid hakim Həməd” 30 aprel 2026-cı il (10 Ordibeheşt 1405) tarixli çıxışında özünün də etiraf etdiyi kimi, ölkədə “təmizləmə” adı altında açıq müharibəyə rəhbərlik edir. Bu isə onun Bəhreyndə baş verən bütün cinayətlərin, o cümlədən etnik təmizləmə, mədəni soyqırımı və dini təqiblərin birbaşa təşkilatçısı olduğunun açıq etirafıdır.
Bəyanata görə, o, terrorçu daxili işlər naziri Raşid Əl-Xəlifəyə qətl, işgəncə və sürgünlə bağlı planların icrası üçün tam səlahiyyət verib və bölgədəki xəyanətkar və uzlaşmaçı rejimlərin təhlükəsizlik əməkdaşlığından istifadə edir.
İnqilabçılar Koalisiyası vurğulayıb ki, Bəhreyndə şiələrə qarşı müharibə beynəlxalq qanunlara görə cinayət sayılan müxtəlif üsullarla bütün səviyyələrdə davam etdirilir. Bunlara vətəndaşlıqdan məhrumetmə, məcburi kollektiv sürgün, yüksək səviyyəli din alimlərinin həbs edilməsi, cəmiyyətin liderlərdən boşaldılması, etiqad və dini mərasimlərin cinayətləşdirilməsi, minbər və məscidlər üzərində dövlət nəzarəti, dini qurumların bağlanması, şiələrin tarixi kimliyinin silinməsi və onların maddi və mənəvi irsinin məhv edilməsi daxildir. Məqsəd isə onları zamanla yoxa çıxan və tanınmayan tarixi izə çevirməkdir.
Bəyanatın digər hissəsində qeyd olunub ki, Bəhreyn xalqı, alimləri və şərəfli qüvvələri bu taleyüklü qarşıdurmada susqun qalmayacaqlar. Çünki Bəhreyn və Fars körfəzində baş verənlər gələcək mərhələnin taleyini müəyyən edən real qarşıdurmadır, elə bir mərhələ ki, orada təkəbbürə, müstəmləkəçilərə və xəyanətkar muzdurlara yer olmayacaq və azad xalqlar bu mübarizənin nəticəsi barədə son sözlərini deyəcəklər.
Koalisiya vurğulayıb ki, “Əl-Xəlifə” rejiminə qarşı mübarizə yalnız Bəhreyn və onun şiələri ilə məhdudlaşmayacaq. Çünki “müstəbid hakim Həməd” özünü açıq şəkildə sionist və Amerika oxunun mərkəzində yerləşdirməyi seçib və İran İslam Respublikası, Livan, Yəmən və İraqdakı müqavimət cəbhəsinə qarşı düşmən münasibətini aşkar şəkildə nümayiş etdirib.
"14 Fevral İnqilabı Gənclər Koalisiyası” sonda bildirib ki, “müstəbid hakim Həməd”in kiçik kabineti ilə keçirdiyi iclaslar yalnız Bəhreyn şiələrinə qarşı müharibənin idarə olunması üçün deyil, həm də gələcəkdə onu “Səfəriyyə sarayı”nda mühasirəyə alacaq real təhlükələrin müzakirəsi üçündür.
Bəyanatda bu cinayətkar qrupa xəbərdarlıq edilərək bildirilib ki, ölkənin müqəddəslərini tapdaladıqları halda, onların son qaçışına şahid olacaq “həlledici gecəni” unutmasınlar. Bu elə bir gün olacaq ki, nə normallaşma siyasəti, nə hərbi bazalar, nə də sionistləşdirilmiş şeyxliklər onlara heç bir fayda verməyəcək.

Bəhreynin həbsdə olan alimləri
Rəyiniz